'Kreditlərlə bağlı 200 min iş var'

V.Əhmədov

«Narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır. İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın. Hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var».

«Report» xəbər verir ki, bunu Milli Məclisin bu gün, fevralın 12-də keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib. O xatırladıb ki, dollar krediti ilə bağlı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb: «Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın».

Həmin təkliflərdə dollarla kredit götürən və onu qaytarmaqda illərdir çətinlik çəkən vətəndaşlara güzəşt edilməsi öz əksini tapıb. Orada qeyd edilirdi ki, vaxtı keçmiş kreditlərlə bağlı məsuliyyət vətəndaşlar, banklar və dövlət arasında bölüşdürülməlidir.

Xatırlatma

2015-ci ildə manatın iki dəfə devalvasiyası baş verib və manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra çoxsaylı vətəndaşların dollarla götürdüyü kreditləri qaytarmaqda çətinlik çəkdiyi açıqlanıb. Hazırda problemli kreditlərin həcminin 1.6 milyard manat civarında olduğu bildirilir.