Kataloniya separatçılarının liderləri məhkəmə qarşısında

Madriddə məhkəmə, 12 fevral, 2019-cu il

Fevralın 12-də Madrid Ali Məhkəməsində Kataloniyanın 12 separatçı liderinin məhkəməsi başlanıb. Onlar 2017-ci ildə bu bölgəni İspaniyadan ayırmaq cəhdinə görə mühakimə olunurlar.

Təqsirləndirilənlər sırasında keçmiş nazirlər, Kataloniya parlamentinin eks-spikeri, müstəqillik tərəfdarı qurumların liderləri var. Onlara qiyam, separatçılıq, dövlət vəsaitindən sui-istifadə ittihamları irəli sürülüb.

Amma özləri ittihamları rədd edirlər.

2017-ci il oktyabrın 1-də Kataloniyada keçirilən referendumda əksəriyyət müstəqilliyə səs verib. Bundan sonra region parlamenti muxtar vilayəti müstəqil respublika elan edib.

Amma referendumda seçici fəallığı aşağı olmuşdu və İspaniya Konstitusiya Məhkəməsi onu qanunsuz elan edib.

Madriddəki mərkəzi hökumət regiona idarəçiliyini tətbiq etdi, Kataloniya liderləri ya ölkədən qaçdılar, ya da saxlandılar.

Məhkəmədən öncə, fevralın 10-da on minlərlə adam Madrid küçələrinə çıxaraq, ölkənin bütövlüyünə dəstəyini bildirib.