Polşada Yaxın Şərq sammiti keçirilir

Jacek Czaputowicz (solda) və Mike Pompeo Varşavada, 12 fevral, 2019-cu il

Birləşmiş Ştatlar Polşanın paytaxtı Varşavada Yaxın Şərq sammiti təşkil edir. Fevralın 13-də başlanan sammitdə əsas diqqətin İrana yönələcəyi gözlənir. Tehran isə artıq bu tədbirə “düşmən hərəkəti” damğası vurub, Varşava üçün fəsadlar verəcəyinə dair xəbərdarlıq edib.

İkigünlük konfransa ABŞ Dövlət katibi Mike Pompeo və Polşanın Xarici işlər naziri Jacek Czaputowicz ev sahibliyi edəcəklər. 60 ölkədən aparıcı rəsminin iştirakı gözlənir.

Birləşmiş Ştatların Vitse-prezident Mike Pence, İsrailin Baş naziri Benjamin Netanyahu da konfransda iştirak edəcəklər.

“Məncə, real irəliləyiş əldə edəcəyik. Orada onlarla ölkə daha yaxşı, daha sabit Yaxın Şərq naminə ciddi işləyəcək və ümid edirəm ki, cümə axşamı oranı tərk edəndə bunu əldə edəcəyik”, – Pompeo Slovakiyada jurnalistlərə deyib.

Amma bu konfrans ətrafında ziddiyyətlər var. Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini, Avropa ölkələrinin, Rusiyanın xarici işlər nazirləri onda iştirak etmir.

Bu arada Polşa ərazisində daimi ABŞ bazasının açılmasına nail olmaq istəyir. ABŞ Müdafiə Departamenti bu təkliflə bağlı dəyərləndirməsini gələn ay açıqlayacaq.