2018-ci ildə ölkədə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinə 29 milyon 22.7 min manat vəsait sərf olunub.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) bu gün, fevralın 13-də yaydığı məlumatda bildirilir.
DSK-nın bir il əvvəl fevralın 16-da yaydığı məlumata nəzər yetirdikdə isə bəlli olur ki, bu sahəyə ayrılan vəsait son bir ildə azalıb. 2017-ci ildə vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi işlərinə 31 milyon 14.6 min manat ayrıldığı açıqlanmışdı. Komitə həmin vaxt vurğulayırdı ki, bu, 2016-cı illə müqayisədə 5.9 faiz çoxdur.
Ötən il ayrılan vəsaitin 91 faizi süni balıqartırma müəssisələrinin fəaliyyətinə, 9 faizi isə balıqçılıq təsərrüfatları üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi işlərinə xərclənib.
Bu sahədə xərclərin azalması görülən işlərə də təsir edib. Ötən il təbii su hövzələrinə və anbarlarına 45.5 milyon ədəd balıq körpələri buraxılıb.
«37.7 milyon ədədi çəkikimi balıq körpələrinin, 7.7 milyon ədədi nərəkimi balıq körpələrinin və 0.1 milyon ədədi qızılbalıq körpələrinin payına düşüb», - DSK-nin açıqlamasında qeyd edilir.
Halbuki, 2017-ci ildə təbii su hövzələrinə və anbarlarına 437.2 milyon ədəd balıq körpələri buraxılmışdı.
Son illər ölkə mətbuatında belə iddialar yer alırdı ki, pambıq sahələrinin genişləndirilməsi ilə bağlı balıq yetişdirilən bir sıra göllər ləğv edilib.