Birləşmiş Ştatlarda federal hakim Prezident Donald Trump-ın keçmiş seçki kampaniyasının sədri Paul Manafortun razılaşmanı pozaraq prokurorlara və böyük jüriyə yalan danışdığını bildirib. Keçmiş sədr xüsusi prokuror Robert Mueller-in apardığı Rusiya istintaqı çərçivəsində yalan söyləyib.
Hakim Amy Berman Jackson-un fevralın 13-də çıxardığı qərara görə, Manafort üç müxtəlif mövzuda yalan deyib. Buraya onun keçmiş biznes ortağı Konstantin Kilimnik ilə kommunikasiyası da daxildir.
Kilimnik-ə ötən il ittiham irəli sürülüb. O, Rusiyanın kəşfiyyat agentlikləri ilə əlaqələrinə görə ittiham olunur. Özü isə iddiaları rədd edir.
Manafort Mueller-in komandasıyla əməkdaşlıq barədə razılığa gəlmişdi. Hakimin qərarı isə onun daha uzunmüddətli həbs cəzası ala biləcəyini göstərir. Ekspertlər onun 10 ilədək həbs oluna biləcəyini deyirlər. O, hazırda cəzasının kəsilməsini gözləyir.
Mueller Trump-ın seçki kampaniyası ilə Rusiyanın mümkün əlbirliyini, Rusiyanın 2016-cı ildə prezident seçkisinə müdaxilə iddialarını araşdırır. Trump və Rusiya iddiaları təkzib edir.