Pompeo Yaxın Şərqdə “əməkdaşlığın yeni erası”na çağırır

Varşavada İrana qarşı daha sərt siyasət tələb edən nümayişçilər

Birləşmiş Ştatlar Yaxın Şərqdəki ölkələrin üzləşdiyi problemlərlə mübarizə üçün “əməkdaşlıqda yeni era” istəyir. Bunu ABŞ-ın Dövlət katibi Mike Pompeo Varşava konfransında deyib.

Regionun problemlərindən heç biri öz-özünə həll olunan deyil. Biz təhlükəsizlik naminə birlikdə işləməliyik”, – Pompeo deyib.

Dövlət katibi İran, Suriya, Yəmənlə bağlı regional problemləri sadalayıb və deyib ki, “bugünkü müzakirədə heç bir ölkə üstünlük təşkil etməyəcək və danışıqlarda heç bir məsələ əsas yer tutmayacaq”.

Pompeo bundan öncə demişdi ki, dünya “İranla mübarizə aparmadan Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail ola bilməz”.

Tehran isə bu konfransı “sirk” adlandırıb.

***

Bu gün – fevralın 14-də Varşavada keçirilən Yaxın Şərq konfransında Birləşmiş Ştatlar və İsrailin İrana təzyiqdən danışacağı gözlənir.

60 ölkənin qatıldığı toplantıda ABŞ Dövlət katibi Mike Pompeo, Birləşmiş Ştatların Vitse-prezidenti Mike Pence, İsrailin Baş naziri Benjamin Netanyahu çıxış edəcək.

Tehran artıq bu görüşə “düşmən hərəkəti” damğasını vurub, Polşa üçün fəsadlar verəcəyini deyib.

Bəzi Avropa ölkələri konfransa aşağı səviyyəli rəsmilərini göndərib, Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini isə ona qatılmır.

Ötən il ABŞ Prezidenti Donald Trump İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. Amma AB üzvləri bu sazişi xilas etməyə çalışırlar.

Varşava konfransında Rusiya və Çin, fələstinlilər də qatılmayıb.

ABŞ administrasiyasının rəsmisi ötən ay demişdi ki, konfrans “İrana qarşı deyil”, amma Pompeo orada “İranın regiondakı destruktiv siyasətini” müzakirə edəcək.