Trump Venesuela ilə bağlı çıxış edəcək

Donald Trump

Ağ ev bildirir ki, Prezident Donald Trump fevralın 18-də Venesuela böhranına dair çıxış edəcək.

Rəsmilərin fevralın 13-də bildirməsinə görə, Trump müxalifət lideri, özünü aralıq dövr üçün prezident elan etmiş Juan Guaido-ya dəstək bildirəcək. Bu arada sosialist Prezident Nicolas Maduro hakimiyyətini saxlamağa çalışır.

Trump Mayamidə Florida Beynəlxalq Universitetində planlaşdırılan çıxışında “sosializmin təhlükələri”ndən söz açacaq, rəsmilər belə deyir.

Vaşinqton Guaido-nu dəstəkləyib, ordunu da onu dəstəkləməyə çağırıb, digər ölkələrin onu ölkənin qanuni lideri kimi tanıması üçün kampaniya aparıb.

Kanada, AB və bir sıra region ölkələri Guaido-nu, Rusiya, Çin, Türkiyə, İran isə Maduronu dəstəkləyir.

2013-cü ildə hakimiyyətə gəlmiş Maduro ötən ilin mayında ikinci müddətə and içib. Müxalifət seçkini boykot edib, pozuntularla keçdiyini deyib.