Nazirdən inəklərlə bağlı şikayətlərə cavab

S.Babayev

«Yararsız heyvanların verilməsi ilə bağlı nazirliyə daxil olan müraciətlər əsasında heyvan dəyişdirilməsi faktı 1 faizdən aşağı olub».

«Report» xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev fevralın 14-də keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, yararsız heyvanlarla bağlı müraciətlərin əksəriyyəti 2-3 ay sonra edilib:

«Vətəndaşlara heyvan veriləndə özü təsdiq edir. Müvafiq baytar arayışları da təqdim olunur. Bəzi məlumatlar yayılır ki, guya 5000 manat civarında heyvanlar alınır. Bu, səhv məlumatdır. Bütün vergilər və digər ödənişlər daxil olmaqla bir heyvanın qiyməti 1800 manatdan çox deyil, 1400 manat civarındadır. Heç bir podratçı şirkətə əlavə vəsait ödənilməyib. Hər hansı satınalmamızda qiymət artımına yol verilməyib. Ötən ilin mövcud qiymətlərindən aşağı qiymətə heyvan alınır».

Nazir bildirib ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub: «Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanlı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs siyahıdan çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb».

S.Babayevin sözlərinə görə, həqiqətən də keyfiyyəti aşağı olan heyvanları ailəyə təqdim edən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh tədbirləri verilib: «Bütün dəyişdirilən heyvanların sayı 170-ə yaxın olub».

Son aylar mətbuat və sosial şəbəkələrdə özünüməşğulluq proqramında iştirak etmiş bəzi şəxslər şikayətlənir ki, onlara verilən mal-qara qoca və xəstədir.

Xatırlatma

Özünüməşğulluq proqramı 2016-cı ildən tətbiq edilməyə başlanıb. Həmin vaxt rəsmilər deyirdilər ki, ünvanlı sosial müavinətlərin verilməsi bəzi insanlarda arxayınlıq yaradır. Ona görə də, özünüməşğulluq proqramının tətbiqinə başlayırlar.

Son illər ölkədə ünvanlı sosial müavinət (ÜSM) alanların sayı da kəskin azalmağa başlayıb. Təkcə ötən il sosial müavinət alanların təqribən yarısının azaldığı deyilir.

Bu il 7 min ailənin isə özünüməşğulluq proqramına cəlb ediləcəyi gözlənir. İndiyə qədər bu proqram çərçivəsində 5500 nəfərə aktivlər verildiyi deyilir.