Aİ ilə nəqliyyat müzakirələri aparılacaq

Azərbaycan-Aİ

Azərbaycan-Aİ

Avropa İttifaqının (Aİ) Mobillik və Nəqliyyat üzrə baş direktoru Henrik Hololeyin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gələcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək.

İclasın fevralın 19-da keçiriləcəyi bildirilir. İclasda aviasiya, dəniz, yol təhlükəsizliyi, Nəqliyyat İnvestisiya Planı, Avropa-Asiya Bağlantılar Strategiyası, rəqəmsal taxoqraflar, Vahid Aviasiya Məkanı üzrə Saziş layihəsi və bu kimi məsələlər üzrə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmalıdır.

Hələ 2018-ci ildə Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri Kastutis Yankauskas bildirmişdi ki, Azərbaycanla Vahid Aviasiya Məkanı üzrə sazişin mətni 99 faiz razılaşdırılıb.

«Aviasiya sazişi qarşılıqlı faydalıdır və Azərbaycan üçün geniş imkanlar açır: turistlərin sayını artıracaq, iqtisadiyyatı şaxələndirəcək. Azərbaycanın Avropa və Asiya arasında nəqliyyat-logistika mərkəzinə çevrilmək imkanlarını artıracaq. Avropa İttifaqı digər ölkələrlə də analoji sazişlər imzalayıb...», - o bildirmişdi.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edib. «Şərq Tərəfdaşlığı» Proqramına Aİ-nin altı qonşu ölkəsi -Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxil olub. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna artıq qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında isə Aİ ilə Ermənistan arasında tərəfdaşlıq sazişi bağlanıb.

Azərbaycanla belə danışıqlar hələ 2017-ci ilin fevralından başlayıb. Hələlik saziş imzalanmayıb.