DTX-nın təcridxanasına baş çəkiblər

İ.Rəhimov

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına baş çəkiblər.

Ombudsman Aparatının bu gün, fevralın 15-də yaydığı məlumata görə, bu başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən keçirilib.

«Başçəkmədə məqsəd bu müəssisədə saxlama şəraiti və rəftar məsələlərinin, saxlanan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub», - məlumatda yazılıb.

Verilən məlumata görə, bu məqsədlə bir sıra təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib:

«Qida qəbulundan imtina etməsi ilə bağlı barəsində internet səhifələrində məlumat yayılmış İkram Rəhimov da fərdi qəbul edilmiş və o, qida qəbul etdiyini bildirmişdir. Başçəkmənin yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli, beynəlxalq qanunvericiliyə uyğun tövsiyələr verilib».

İ.Rəhimovun yaxınları bu günlər bəyan etmişdilər ki, o ona verilən ittihamlara və bu yaxınlarda Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən yayılan açıqlamalara etiraz olaraq aclıq aksiyasına başlayıb.

İkram Rəhimov nədə ittiham edilir

İ.Rəhimovu 2018-ci il oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları saxlayıb. Ardınca onun haqqında məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. O tutulmazdan əvvəl prezidentin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə izlənildiyini və təqib edildiyini bildirib.

Bu açıqlamaya Ə.Həsənovdan hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Mətbuat Şurasından onun açıqlamalarını əsassız sayıblar.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin məlumatında isə İ.Rəhimovun başqalarından pul tələb etməkdə günahlandırıldığı qeyd olunurdu: «İkram Rəhimov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə şübhəli şəxs kimi saxlanaraq cinayət məsuliyyətinə cəlb edilib».

İ.Rəhimov 2016-cı ildə böhtana görə 1 illiyə azadlıqdan məhrum edilmiş, daha sonra vaxtından əvvəl azadlığa buraxılmışdı. O, onda da ittihamı qəbul etmirdi.

Hakimiyyətə yaxınlığı ilə seçilən media orqanlarında yayılın son açıqlamada da İ.Rəhimov reketçilikdə ittiham edilirdi.

Xatırlatma

Ombudsman institutu Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir. Bu qurum yaradılandan ona Elmira Süleymanova rəhbərlik edir.

Ölkədə bu qurumun, eləcə də onun rəhbərinin fəaliyyətinə münasibət birmənalı deyil. Bəzi hüquq müdafiəçiləri hesab edir ki, bu qurum siyasi əsaslarla hüquqları tapdalanan şəxslərin yox, hökumətin müdafiəçisi qismində çıxış edir.

Qurumun işgəncə iddiaları ilə bağlı mövqeyi də, əsasən, hüquq müdafiəçilərinin narazılığı ilə qarşılanır. Onlar bildirir ki, ombudsman və onun aparatı daha çox işgəncə şikayətlərinin araşdırılması ilə deyil, bir qayda olaraq, təkzib edilməsi ilə seçilir.

Ombudsman Aparatı bu fikirləri qəbul etmir.