Pakistan Hindistandakı səfirini geri çağırır

Kəşmirdə Hindistan əsgəri keşik çəkir

Pakistan Nyu Dehlidəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Pakistanın Xarici İşlər Nazirliyi məlumatı fevralın 18-də yayıb.

İki ölkə arasındakı gərginlik artmaqdadır. Bu günlərdə törədilmiş iki ayrı-ayrı hücumlarda onlarla hindistanlı hərbçi öldürülüb.

Fevralın 18-də səhər Hindistanın nəzarətində olan Kəşmirdə üsyançılarla atışmada azı dörd hindistanlı əsgər qətlə yetirilib. Bir neçə gün öncə elə həmin mübahisəli ərazidə intiharçı hücumunda isə azı 41 hərbçi öldürülmüşdü.

Hindistan mediası yazır ki, busəhərki toqquşma Pakistanda mənzillənən Jaish-e-Mohammad (JeM) yaraqlı qrupunun yerli qanadı təhlükəsizlik qüvvələrinə atəş açandan sonra başlanıb.

Media yaraqlıların izinə düşüldüyünü, amma hücum edənlərin taleyinin naməlum qaldığını qeyd edir.