Polşa İsraildəki sammitə getmir

Benjamin Netanyahu (sağda) Varşavada Mateusz Morawiecki ilə şəkil çəkdirir

İsraildə Vişeqrad sammitinin keçirilməsi şübhə altındadır. Polşa tədbirdə iştirakını təxirə alıb. Baş nazir Mateusz Morawiecki ölkə mediasına deyib ki, “İsrailin xarici işlər nazirinin sözləri irqçi və qəbuledilməzdir… xarici işlər nazirimiz Jacek Czaputowicz sammitə getməyəcək”.

İsrailin xarici işlər naziri vəzifəsini icra edən Israel Katz ölkəsinin i24 televiziyasına deyib ki, “nasistlərlə əməkdaşlıq edən polyaklar çox olub, mərhum baş nazir, atası qətlə yetirilmiş Yitzhak Shamir demiş, polyaklar antisemitizmi analarının südündən əmirlər”.

Polşanın xarici işlər naziri Katzın dediklərindən sonra İsrailin səfiri Anna Azarini çağırıb.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emmanuel Nahshon isə bildirib ki, Çexiya, Slovakiya və Macarıstanın baş nazirlərinin səfərləri qüvvədədir, “İsrailin baş naziri ilə görüşəcəklər”.

Israel Katz

Çexiyanın Baş naziri Andrej Babis-in sözlərinə görə, sammitin vaxtı dəyişdirilə, yalnız ikitərəfli müzakirələr keçirilə bilər.

Vişeqrad qrupuna Mərkəzi Avropanın dörd ölkəsi – Polşa, Macarıstan, Çexiya Respublikası və Slovakiya daxildir.

***

Netanyahunun Holokostla bağlı dedikləri qalmaqal yaradıb

İsrailin Baş naziri Benjamin Netanyahunun Varşavaya səfəri zamanı Polşa və Holokostla bağlı dedikləri bu həftə gözlənən Mərkəzi Avropa liderlərinin sammitinə kölgə salıb. Belə ki, Polşa Vişeqrad konfransına daha kiçik rütbəli rəsmisini göndərəcək.

Netanyahu həmin tədbiri Şərqi Avropanın yeni yaranan demokratiyaları ilə əlaqə qurulmasında böyük hədəf sayır. Onun daha böyük niyyəti isə İsrailin adətən beynəlxalq forumlarda üzləşdiyi tənqidi önləməkdir.

Netanyahunun ötən həftə jurnalistlərə “polyaklar nasistlərlə əməkdaşlıq ediblər” deməsindən sonra böhran yaranıb. Bu ilk baxışda "günahsız" fikirlər polşalıları özündən çıxarıb. Axı, onlar ölkələrinin Hitlerlə əməkdaşlığa getməsi fikirlərini rədd edirlər.

Polşanın Baş naziri Mateusz Morawiecki bazar günü deyib ki, bu həftə Vişeqrad sammitinə getməyəcək. Toplantı sabah – fevralın 19-da Yerusəlimdə keçiriləcək. Tədbirə Macarıstan, Çexiya Respublikası, Slovakiya baş nazirlərinin də qatılacağı gözlənir.

“The Associated Press” agentliyi yazır ki, Netanyahu-nun Polşa və Şərqi Avropanın digər liderləri ilə sıx əməkdaşlığını müdafiə etməsi bu diplomatik qalmaqalda itib-batıb.

Benjamin Netanyahu (solda) və ABŞ Dövlət katibi Mike Pompeo Varşavada

Tarixçilər və yerli tənqidçilər Netanyahunu millətçi liderlərə həddən artıq yaxınlaşmaqda və Holokostun təhrif olunmuş imicini yaratmaqda, onlara bağlı antisemitizmə göz yummaqda suçlayır.

Netanyahu bu yaxınlarda Litva, Ukrayna və digər ölkə liderlərinin toplantısını keçirmişdi.

“TARİXİ BİLİRƏM”

Varşavaya ikigünlük səfəri zamanı “The Associated Press” agentliyinin sualını cavablandıran Netanyahu deyib ki, müxtəlif liderlərlə tarixi təftiş məsələsini qaldırır. O, 2-ci Dünya müharibəsi dövründə yəhudilərin soyqırımında kiminsə əli olmasını azaltmağa çalışmadığını deyib.

“Mən tarixi bilirəm. Onu ört-basdır etməyə çalışmıram. Litvada özəlliklə bəzi dəhşətli şeylər olub. Heç kəs onu gizlətməyə çalışmır”, – tarixçi oğlu olan Netanyahu vurğulayıb.

Netanyahu Polşanın ziddiyyətli Holokost qanunuyla bağlı həmin ölkənin liderləri ilə anlaşmaya getməsinə dair israilli tarixçilərin tənqidini də rədd edib. Qanun 2-ci Dünya müharibəsi dövründə yəhudilərə qarşı cinayətlərdə polyakların günahlandırılmasını kriminallaşdırır.

Polyaklar nasistlərlə əməkdaşlıq edib və kiminsə belə bir bəyanata görə məhkəməyə verilməsindən xəbərim yoxdur”, – Netanyahu jurnalistlərə deyib.

Amma bəzi media orqanları onun “bu polşalılar” dediyini yazıb. Bu, Varşavanı qəzəbləndirib, İsrailin səfiri izahat üçün çağırılıb. Netanyahunun idarəsi onun yanlış anlaşıldığını, İsrail qəzetində redaktə səhvi getdiyini deyib.

Polşa hökuməti isə bu cavabı yetərsiz sayaraq konfransa getməməklə hədələyib.

Netanyahunun ofisi onu da deyib ki, o, “polyaklardan danışıb, polşalıları, yaxud Polşanı nəzərdə tutmayıb”.

Yerusəlimdəki tədbirə Polşanın Xarici işlər naziri Jacek Czaputowicz-in qatılacağı gözlənir.