Facebook-un RT-ni bloklaması ‘mediaya təzyiqdir’

RT-nin (Russia Today) loqosu

Facebook sosial şəbəkəsinin Rusiyanın dövlət nəzarətində olan RT telekanalına bağlı səhifəni bloklaması “”mediaya təzyiqə” bərabərdir. Bunu Kremlin sözçüsü Dmitry Peskov deyib.

Fevralın 18-də Moskvada jurnalistlərə danışan Peskov bildirib ki, Facebook-un addımı onun imici və “etibarlılığı”na “ciddi zərbə” vurur.

“Qeyri-dost ölkələr sosial media sektoru və digər platformalarda xidmət göstərən böyük şirkətlərdən yararlanaraq Rusiya mediasına təzyiq göstərirlər”, – deyən Peskov əlavə edib ki, “RT hüquqlarını qoruya biləcək və məsələ həllini tapacaq”.

“QAYDALARI POZMAMIŞIQ”

RT-nin baş redaktoru Margarita Simonyan daha öncə Facebook səhifəsində yazmışdı ki, ABŞ-da mənzillənən Facebook sosial media nəhəngi telekanalın ingiliscə “In the Now” adlanan səhifəsini bloklayıb.

Margarita Simonyan

“İngiliscə In the Now adlı layihəmiz vardı. Layihə çox populyar idi – 2,5 milyard baxış sayı və təkcə Facebook-da dörd milyon abunəçisi vardı”, – Simonyan Telegram sosial şəbəkəsindəki hesabında yazıb.

Baş redaktorun sözlərinə görə, Facebook bu layihəni CNN telekanalının bir proqramından sonra bloklayıb. Həmin proqramda “ABŞ Dövlət Departamenti və NATO-nun göstərişilə” iddia olunub ki, “In the Now” layihəsinə Kreml sponsorluq edir.

Simonyan deyir ki, səhifənin ziyarətçilərinə Rusiyadan maliyyələşməsini açıqlaması problem olmamalıdır.

“Facebook-un hansısa qaydalarını pozmamışıq”, – o vurğulayıb.

ABŞ kəşfiyyat agentliyi Kremli RT-dən 2016-cı il prezident seçkisinə müdaxilədə istifadə etməkdə suçlayır.

Bu ittiham səslənəndən sonra ABŞ Ədliyyə Departamenti 2017-ci ilin sentyabrında RT-dən tələb etdi ki, ABŞ-dakı filialını “xarici agent” kimi qeydiyyatdan keçirsin. Twitter isə RT-dən və onun bir qanadı olan Sputnikdən gələn reklamı yasaqladı.

Əvvəllər Russia Today kimi tanınan RT ingilis, fransız, ispan və ərəb dillərində verilişlər hazırlayır.

“Russia Today” 2000-ci illərin ortalarında yaradılıb. Rusiya Prezidenti Vladimir Putin bununla qərbpərəst siyasət yeritdiyini düşündüyü ABŞ və Britaniyanın media qurumlarının dominantlığını ilə mübarizə aparmaq istəyib.