«Mən çox şadam ki, bu zavodda işləyənlərin mütləq əksəriyyəti gənclərdir...».
Prezident İlham Əliyev bunu fevralın 18-də Sumqayıtda «SOCAR Polymer»in yüksək sıxlıqlı polietilen zavodunun açılışında bildirib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələrin fəaliyyət göstərdiyini deyərək «SOCAR Polymer»in xüsusi yeri olduğunu bildirib.
İ.Əliyev hazırda «SOCAR Polymer»in tam gücü ilə işə başlamasını əlamətdar hadisə, ölkənin inkişaf göstəricisi və xarici maliyyə qurumlarının inamının təzahürü kimi dəyərləndirib: «Çünki bildiyiniz kimi, bu zavodun tikintisində xarici banklar fəal iştirak ediblər. Bu, bütövlükdə ölkəmizdə gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir»,
Zavodun istehsal gücünün 300 min ton olacağını deyən dövlət başçısı bunu qeyri-neft ixracının artımı kimi dəyərləndirib: «Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır».
Prezident sənayeləşmənin nəticə verdiyini, keçən il qeyri-neft sektorunda sənaye istehsalının 9 faizdən çox, bu ilin birinci ayında isə 14 faizə yaxın artdığını söyləyib.
Xatırlatma
2011-ci il dekabrın 21-də prezident Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı fərman verib. Onun təməli 2013-cü ildə qoyulub. Sumqayıt Kimya Sənaye Parkı ölkənin ilk sənaye parkıdır.
Parkın idarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində olan «Sumqayıt Kimya Sənaye Parkı» MMC-dir. Orada bir çix müəssisələr fəaliyyət göstərir. Keçən il isə polipropilen zavodunun açılışı olub.
Ondan sonra, bu yaxnlarda da ( 2019 yanvar) karbamid zavodunun açılışı olmuşdu.
Karbamid və bu yeni müəssisəyə ümumilikdə 1.6 milyard dollar sərmayə qoyulduğu açıqlanıb. Yeni müəssisədə 500 nəfərin çalışacağı deyilir.