Polşada fəallar keşişin heykəlini uçurublar

Vatikanda toplantı başlanır

Polşada fəallar azyaşlıları cinsi istismara məruz qoyduğu iddia olunan keşişin heykəlini uçurublar.

Fəalların fevralın 21-də bildirməsinə görə, onlar Polşa Katolik Kilsəsinin ruhanilər tərəfindən yol verildiyi bildirilən cinsi təcavüz problemini yoluna qoya bilməməsinə etiraz edirlər.

Yayılmış video görüntüdə ölkənin şimalındakı Qdansk şəhərində üç nəfərin mərhum Monsenyor Henryk Jankowski-nin heykəli ətrafına ip dolayaraq onu yerı yıxdığı görünür.

Daha sonra fəallar heykəlin bir əlinə uşaq alt paltarı keçiriblər.

TVN24 televiziyası həmin üç nəfərin saxlandığını bildirir.

Jankowski 1980-ci illərdə Həmrəylik hərəkatı və onun lideri Lech Walesa-nı Polşanın kommunist rejiminə qarşı mübarizədə dəstəkləyincə tanınıb. Jankowski 2010-cu ildə vəfat edib.

Bu etirazın keçirildiyi bir vaxtda Papa Francis dünya kilsələrinin liderlərini Vatikana yığaraq onlarla kilsənin ətrafında yaranmış cinsi qalmaqal böhranını müzakirə edir.