Z.Əsgərov da sosial şəbəkələrdən danışdı

Z.Əsgərov

«Sosial şəbəkələr təyinatına uyğun istifadə edilsə, yaxşı olar. Sosial şəbəkələrdən qanunsuz istifadə etmək cəhdləri qəbulolunmazdır. Burada baş verən qanunazidd hərəkətlərin, insanların şəxsiyyətinin, şərəf və ləyaqətinin təhqir olunması yolverilməzdir. Bu hallar cinayət qanunvericiliyi ilə təqib olunur. Belə halların qarşısının alınması üçün qanunvericilikdə, o cümlədən «Kütləvi informasiya vasitələri haqqında» Qanunda müəyyən dəyişikliklər edilə bilər».

«Report» xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O, bu məsələdə ictimai qınağın gücləndirilməsinin tərəfdarı olduğunu qeyd edib: «Jurnalistlər fəal olmalıdırlar ki, əxlaqa zidd olan hallar baş verməsin. Cinayət Məcəlləsində təhqir və böhtana görə cəza nəzərdə tutulur. Əgər təkliflər olarsa, cəzalar sərtləşdirilə bilər. Amma cəmiyyətin təpki göstərməyi əsasdır, insanların mədəni səviyyəsi yüksəlməlidir. Əgər sənin kiminləsə mübahisən düşübsə, nədənsə narazısansa, söyüşə əl atmamalısan. Bu, çıxış yolu deyil. Bunun normal və sivil yolları var. Kompüterin arxasında oturub müxtəlif yazı yazaraq kimisə niyə təhqir etməlisən ki? Xaricdə oturub kimisə təhqir etmək hansı əxlaqa sığır?.. Bu məsələdə hamının barışmaz mövqeyi olmalıdır».

Xatırlatma

Bir neçə gün əvvəl oxşar fikirləri baş nazirin müavini, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov da dilə gətirmişdi.

Müstəqil ekspertlər isə deyirlər ki, sosial şəbəkələrdə bir sıra müxaliffikirli insanlarla, ayrı-ayrı fərdlərlə yanaşı, hakimiyyəti müdafıə edən bəzi şəxslər də təhqirlərə yol verirlər. Həmin ekspertlərin bəzilərinin fikrincə, hakimiyyət mənsubları əslində təhqirlə yanaşı, sosial şəbəkələrdəki tənqidi çıxışların da qarşısını almaqdan ötrü son vaxtlar tez-tez belə açıqlamalar verirlər.