MN: Ermənistana məxsus PUA vurulub

Vurulan PUA

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) vurduğunu bildirir.

Müdafiə Nazirliyinin (MN) bu gün, fevralın 21-də bununla bağlı yaydığı açıqlamada vurğulanır ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan növbəti təxribat törədib.

«Fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri «X-55» taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib», - MN bildirir.

Verilən məlumata görə, Hava Hücumundan Müdafiə bölmələri PUA-nı dərhal aşkarlayaraq zərərsizləşdirib.

Qarabağ münaqişəsi ilə bağlı Ermənistan və Azərbaycan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə Ermənistanın ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon işğal edilib.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb. Bununla belə, təmas xəttində tez-tez atəşkəsin pozulması halları baş verir. Buna görə tərəflər adətən bir-birlərini günahlandırırlar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir. ATƏT-in Minski qrupunun həmsədrləri hazırda Azərbaycandadırlar. Onlar fevralın 21-də Azərbaycan, bir gün əvvəl isə Ermənistan rəhbərliyi ilə görüşüblər.