Azərbaycan 24 min avro cərimələndi

N.Məmmədov

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 21-də həbsdə vəfat edən Novruzəli Məmmədovla bağlı qərarını açıqlayıb.

Söhbət «Tolışo sado» qəzetinin keçmiş baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin rəhbəri N.Məmmədovdan gedir.

N.Məmmədovla bağlı AİHM-ə göndərilən birinci şikayətdə (N.Məmmədovla bağlı AİHM-ə bir neçə şikayət göndərilib) 2015-ci ildə ləğv olunan Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının rəftarından bəhs edilir.

2008-ci il iyunun 24-də məhkəmə N.Məmmədovu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilərək həbs edib. 2017-ci il avqustun 17-də isə o, həbsxanada vəfat edib.

N.Məmmədovla bağlı şikayətlərdə onun həbsinin qanunsuz olması, işgəncələrə məruz qalması, ədalətli mühakimə hüququnun pozulması, ayrıseçkiliklə üzləşməsi, ifadə azadlığının tapdalanması, şəxsi həyatına müdaxilə və əlyazmalarının məhv edilməsi iddiaları yer alıb.

N.Məmmədov dilçi olub və Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda işləyib.

Müdafiə tərəfinin bildirməsinə görə, o, 2007-ci il fevralın 2-də saxlanılaraq MTN-ə gətirilib və İran kəşfiyyatı ilə əlaqələrə dair dindirilib.

2007-ci il fevralın 3-də sərbəst buraxılıb. Amma ardınca da polisə tabe olmamaqda günahlandırılaraq 15 sutka inzibati cəza alıb.

Şikayətçi tərəfin habelə bildirməsinə görə, məhkəmədən sonra N.Məmmədov yenidən MTN-ə gətirilib və təzyiqlərlə üzləşib.

Müdafiə tərəfi vurğulayıb ki, o, 2008-ci ildə dövlətə xəyanət ittihamı ilə 10 il həbs cəzası alıb. Onun həbsdə lazımı tibbi xidmətlə təmin olunmadığı da qeyd edilir.

Müdafiə tərəfi onu da bildirir ki, vəfatından sonra Nizami Rayon Prokurorluğu N.Məmmədovun ölümü ilə bağlı təhqiqat aparıb və işdə cinayət tərkibi olmadığını hesab edərək cinayət işi qaldırmayıb.

AİHM N.Məmmədova münasibətdə Avropa İnsan Haqları Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (İşgəncələrə, qeyri-insanı rəftara məruz qalmamaq ) və 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddələri ilə qorunan hüquqlarına müdaxilə edildiyi qərarına gəlib.

Qərarla Azərbaycan 24 min avro cərimələnib. Bunun 20 min avrosu N.Məmmədovun xanımı Məryəm Məmmədovaya ( hazırda mühacirətdədir) kompensasiya olaraq verilməlidir. 4 min isə məhkəmə xərcləri kimi nəzərdə tutulub.

Bu qərara, hələlik, Azərbaycan rəsmilərinin və ləğv edilən MTN-in keçmiş rəhbərliyinin münasibətini almaq mümkün olmayıb.

Ancaq Azərbaycan rəsmiləri, bir qayda olaraq, həbs və saxlanma yerlərində işgəncələrlə bağlı şikayətləri əsaslı saymırlar. Onların fikrincə, cəzaçəkmə müəssisələrində məhbuslarla yalnız qanun çərçivəsində davranılır.