Yaponiyanın heyətsiz kosmik aparatı Yerdən 300 milyon kilometr məsafədə olan asteroidə uğurlu eniş edib. Məlumatı bu ölkənin kosmik agentliyi yayıb.
“Enişdən sonra aparatla kommunikasiya saxlandığını təsdiqləyirik və görünür, eniş uğurlu olub”, – Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) sözçüsü Chisato Ikuta fevralın 22-də “Frans Pres” agentliyinə deyib.
Ikutanın sözlərinə görə, idarəetmə mərkəzi “aparatın normal işlədiyini göstərən məlumat alıb”.
Hayabusa2 Yaponiyanın cənubundan 2014-cü ilin dekabrında çıxmış, ötən iyunda asteroidə yaxınlaşmışdı. Onun götürdüyü nümunələrlə 2020-ci ilin sonunda Yerə qayıdacağı gözlənir.
Layihənin 240 milyon dollar başa gəldiyi bildirilirdi.
Aparatın asteroidə ötən oktyabrda enəcəyi planlaşdırılırdı, amma onun səthinin nahamar olduğu üzə çıxdığından ertələndi. JAXA ekspertləri enməyə daha uyğun yer tapandan sonra proses gerçəkləşib.
Hayabusa2-nin Ryugu asteroidinin səthinə “güllə” atacağı, bunun səthi qarışdıracağı və aparatın nümunələr götürərək Yerə qayıdacağı gözlənir.
Alimlərin fikrincə, bu asteroiddə 4,6 milyard il əvvəldən, günəş sisteminin yarandığı dövrdən qalma orqanik maddı və su nisbətən böyük həcmdə mövcuddur.
Asteroidin diametri 900 metrdir.
Bu aparatda iki kiçik MINERVA-II aydagəzəni, eləcə də Fransa-Almaniya istehsalı olan MASCOT robotu var. Onlar müşahidələrin aparılmasına kömək edəcəklər.