Dodon Rusiyayla əlaqələri sıxlaşdırmaqdan danışır

Igor Dodon (ortada)

Moldova Prezidenti Igor Dodon deyir ki, Avropa Birliyinin gələcəyi sarıdan qeyri-müəyyənliyin mövcud olduğu bir məqamda onun ölkəsi Rusiyayla yaxşı münasibətləri saxlamalıdır.

Dodon fevralın 21-də “Associated Press”ə müsahibəsində deyib ki, ölkəsi enerji, ixrac məsələlərində, Dnestryanı münaqişəsinin həllində Moskvaya bel bağlayır.

Fevralın 24-də Moldovada parlament seçkisi keçiriləcək. Bu seçki ölkənin Qərbə, yaxud Şərqə meyllənməsində ciddi dönüş yarada bilər. Hazırda Moldovanın hakim Demokratik Partiyası AB-meyllidir, prezident isə Rusiyaya yönəlik siyasət tərəfdarıdır.

Prezident postuna keçməzdən öncə Dodon Moldova Sosialist Partiyasının lideri olub. Bu partiya keçmiş prezident Vladimir Voroninin Kommunist Partiyasından ayrılmışdı. Dodon həm də Rusiya Prezidenti Vladimir Putinin dostudur.

24 fevral seçkisində rusiyapərəst, ölkənin əsas müxalifət qrupu olan Sosialist Partiyasının səslərin çoxunu qazanacağı gözlənir.