Lefortovo məhkəməsi Paul Whelan barəsində həbs qətimkan tədbirinin müddətini mayın 28-dək uzadıb. Onun vəkili qərardan şikayət veriləcəyini deyib.
***
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada məhkəmədən xahiş edib ki, amerikalı keçmiş dəniz piyadası Paul Whelan barəsində həbs qətimkan tədbirinin müddətini uzatsın. O, Rusiyada casusluq ittihamıyla saxlanıb.
Whelan-ın vəkili Vladimir Zherebenkov fevralın 22-də Interfax xəbər agentliyinə deyib ki, FSB bu iş üzrə istintaqı mayın 28-dək uzadıb və Lefortovo Dairə Məhkəməsindən onun müştərisinin saxlanma müddətini uzatmağı xahiş edib.
Zherebenkov daha öncə demişdi ki, məhkəmənin qərarı elə bu günə – fevralın 22-nə gözlənir.
ABŞ, İrlandiya, Kanada və Britaniya vətəndaşlığı olan Whelan dekabrın 28-də Moskvada casusluq ittihamıyla saxlanıb.
Təqsiri sübuta yetirilsə, ona 20 ilədək həbs cəzası kəsilə bilər. Ailəsi isə onun günahsız olduğunu, Moskvaya dostunun toyuna getdiyini deyir.
Rusiya rəsmiləri Whelan-a qarşı ittihamın detallarını açıqlamayıblar.