Cəbhəçilərin həbsi davam edir

Polis

«Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, partiyanın təşkilat şöbəsinin müdiri Saqif Qurbanlı fevralın 24-da saxlanıb. Ona 15 günlük inzibati həbs cəzası verilib».

Bunu AzadlıqRadiosuna AXCP-dən deyiblər. Partiyadan verilən məlumata görə, S.Qurbanlı polisə müqavimətdə təqsirli bilinib.

«Sadiq Qurbanov fevralın 24-də Səbail Rayon Polis İdarəsinin 8-ci Polis bölməsinə dəvət edilib. Qurbanov polisin çağırışı ilə 8-ci Polis bölməsinə gedib. Onu oradan Səbail Polis İdarəsinə aparıblar. Bu gün, fevralın 25-də Səbail Rayon Məhkəməsi Sadiq Qurbanova 15 sutka inzibati həbs verib. Amma biz ittihamı əsasız sayırıq. O, 30 günlük inzibati həbsdən yeni çıxmışdı», - deyə AXCP-dən vurğulayıblar.

Bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyi və Səbail Rayon Məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.

Son günlər daha bir neçə cəbhəçinin saxlanıb inzibati qaydada cəzalanması ilə bağlı ardıcıl məlumatlar yayılıb.

Xatırlatma

AXCP-dən verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 40-a yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 10-25 sutkalıq həbs cəzası alıb. Bundan başqa, bu partiyanın 10-a yaxın fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. Bəzilərinin də məhkəməsi gedir. AXCP onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib.

Rəsmilər isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərə məruz qalması ilə bağlı iddiaları qəbul etmirlər. Onlar ölkədə bütün fundamental azadlıqların qorunduğunu deyirlər.