Hüseyn Abdullayevin həbs müddəti uzadılıb

H.Abdullayev

Bu günlərdə Nəsimi Rayon Məhkəməsi keçmiş deputat Hüseyn Abdullayevin həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı istintaqın təqdimatını təmin edib. Bu barədə Nəsimi Rayon Məhkəməsindən bildiriblər.

Müdafiə tərəfi isə ittihamı və iş üzrə istintaqın gedişini şərh etməyib.

Ötən il aprelin 23-də H.Abdullayevin İnterpol xətti ilə Türkiyədə saxlanıldığı və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verildiyi açıqlanmışdı. Abdullayevin Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergidən yayınma) maddələri ilə ittiham olunduğu deyilirdi.

Sonradan ona əlavə ittihamlar irəli sürüldüyü açıqlandı. Abdullayevə Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələbetmə) maddələri ilə də ittiham elan edildiyi bildirildi.

Xatırlatma

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında fiziki qarşıdurma baş verib, hər iki deputat əlbəyaxa olmuşdu. Bundan sonra Abdullayevin mandatı əlindən alınıb, daha sonra isə o həbs olunmuşdu.

Lakin elə həmin il məhkəmənin qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin «Susma» adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu bildirilirdi.