Xocalıya görə sükut dəqiqəsi

Sizin brauzer HTML5-i dəstəkləmir

İlham Əliyev Xocalı abidəsini ziyarət elədi

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Həmin anda paytaxtın küçələrində bir çox nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, ölkənin şəhər və rayonlarında Azərbaycanın dövlət bayraqları endirilib.

Xocalıya görə yürüş keçirilib

Bu gün, fevralın 26-da Bakıda Xocalı faciəsinin 27-ci ildönümü münasibəti ilə yürüş keçirilib.

Azərbaycan Dövlət Televiziyası yürüşü canlı yayımlayıb.

Yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq Xətai rayonu ərazisində inşa edilən «Ana harayı» abidəsinə doğru hərəkət edib.

Azərbaycan prezidenti İlham Əliyev, hökumət və dövlət rəsmiləri, deputatlar da yürüşə qatılıblar.

Dövlət başçısı «Ana harayı» abidəsinin önünə gül çələngi qoyub.

Xocalı faciəsindən 27 il ötür

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib.

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü bildirilir.

Azərbaycan hökumətinin hesablamalarına görə, Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərini işğal etməsi nəticəsində dövlətə və vətəndaşlara 170 milyon dollardan artıq ziyan vurulub.

Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

Bakıda hər il fevralın 26-da dövlət başçısı, rəsmi şəxslər, siyasi partiyaların təmsilçiləri və sıravi vətəndaşlar bu faciə ilə bağlı Xətai rayonu ərazisində ucaldılan «Ana fəryadı» abidəsini ziyarət edirlər.