Köçkünlərin müavinəti 50 faiz artırılır

İ.Əliyev

Bu gün, fevralın 26-da prezident İlham Əliyev «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında» sərəncam imzalayıb.

Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin vahid aylıq müavinəti 2019-cu il aprelin 1-dən 50 faiz artırılır.

Sənəddə bunun yerinə yetirilməsindən ötrü Nazirlər Kabinetinə və bir sıra dövlət qurumlarına tapşırıqlar verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi prezidentin fərmanını dəyərləndirib.

Qurum xatırladıb ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanıb:

“2018-ci il martın 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına 22 və 40 manat məbləğində müəyyən olunub. Bu il aprelin 1-dən isə həmin məbləğlər, müvafiq olaraq, 33 və 60 manat təşkil edəcək. Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 22 manat, 415.081 nəfəri 40 manat vahid aylıq müavinət alır”, komitə bildirir.

Sərəncam 500 minə yaxın köçkünə şamil olunur.