Azərbaycan və talış dillərində nəşr olunan «Aləm» jurnalının baş redaktoru Vüqar Həmati «Sədərək» Ticarət Mərkəzində (TM) əsassız yerə mağazasının bağlandığını bildirir. O hesab edir ki, bu, sosial şəbəkədə «Aləm» jurnalının oxucuları ilə fotolarını paylaşması ilə əlaqəlidir.
V.Həmatinin deməsinə görə, şəkil fevralın 22-də çəkilib və həmin gün də sosial şəbəkədə paylaşım edib. Onun qeyd etməsinə görə, fevralın 23-də isə «Şirniyyat» sektorundakı mağazası icarə haqqını ödəməməsi adı ilə bağlanıb.
Qapıdakı elana baxmayaraq, mağazanı təkrar açdığını deyən V.Həmatinin sözlərinə görə, bir qədər sonra onu polislərin və mühafizəçilərin yanında «Sədərək» TM-nin inzibati binasına gətiriblər.
V.Həmati qeyd edir ki, icarə borcunun olmadığını sübut etdikdən sonra onu buraxıblar, amma bir neçə saatdan sonra yenidən TM-nin hüquq şöbəsinə çağrılıb.
«Şöbənin rəhbəri və daha bir neçə nəfər orada idi. Onlar məndən Fəxrəddin Abbasovla (Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışa görə axtarışda olduğu bildirilir –red.), Əlikram Hümbətovla (1993-cü ildə «Talış-Muğan respublikası» elan etdikdən sonra Azərbaycanı parçalamaqda ittiham edilərək həbs edilib, hazırda mühacirətdədir) əlaqələrimi soruşdular. Onda başa düşdüm ki, mağazamın bağlanması «Aləm» jurnalı ilə əlaqəlidir. Dedim ki, bu adamlarla əlaqəm yoxdur. Onların baxışlarını pisləyirəm. Mən Azərbaycan dövlətçiliyinin, multikultural Azərbaycanın tərəfdarıyam»,-V.Həmati belə deyib.
V.Həmatinin deməsinə görə, fevralın 24-də işini davam etdirib, fevralın 25-də isə yenidən hüquq şöbəsinə çağrılıb: «Bu dəfə mənə belə irad bildirdilər ki, mağaza ilə bağlı sənədlərim qaydasında deyil və mənim adıma deyil. Mən 2041-ci ilə kimi istifadəmdə olacaq mağaza ilə bağlı notariusda təsdiq edilmiş sənədləri gətirdim...».
V.Həmatinin deməsinə görə, ona daha sonra işarə edilib ki, bu yuxarılardan asılı məsələdir.
Amma bu iddialara, hələlik, «Sədərək» TM-dən və rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
«Aləm» jurnalı rübdə bir dəfə, 200 tirajla nəşr olunur. Redaktorun deməsinə görə, jurnalı öz vəsaiti ilə nəşr edir.