Gürcüstan prezidenti məktəb və kilsədə olub
Gürcüstan prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə tanış olub.
AZƏRTAC-ın xəbərinə görə, S.Zurabişvili məktəbin sinif otaqlarını gəzib, müəllim və şagirdlərlə söhbət edib.
Gürcüstan dövlətinin başçısına bildirilib ki, Qaxingiloy kənd tam orta məktəbində 163 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 34 müəllim məşğul olur. Ötən il məktəbi bitirən 8 məzundan 5-i ali məktəbə daxil olub.
Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyiblər.
Gürcüstan prezidentinə habelə deyilib ki, Qax rayonunda 8 minə yaxın gürcü yaşayır. Gürcülərin yaşadıqları kəndlərdə 6 ümumtəhsil məktəbi, həmçinin Qax şəhərindəki məktəb-liseydə gürcü bölməsi, 6 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir.
Gürcüstan prezidenti daha sonra Qax rayonunun Qaxingiloy kəndində yerləşən «Müqəddəs Georgi» kilsəsini ziyarət edib.
+++
Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 28-də Qax rayonuna gedib.
AZƏRTAC-ın xəbərinə görə, Gürcüstan prezidentini Zaqatala Beynəlxalq Hava Limanında Azərbaycanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn və başqa rəsmi şəxslər qarşılayıb.
Sonra qonaq və onu müşayiət edən nümayəndə heyəti Qax rayonuna yola düşüb.
Gürcüstan prezidenti fevralın 27-də Azərbaycana gəlib. O, Azərbaycan prezidenti İlham Əliyev və bir sıra rəsmilərlə görüşərək ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıb.