Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.
Səhiyyə Nazirliyinin bu gün, fevralın 28-də yaydığı məlumata görə, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Gürcüstanla, Rusiyada qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb.
Əmrdə tibb müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın başqa yaşayış yerlərində 20-40 yaşlı əhali arasında immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.
Eyni zamanda, bu məsələ ilə bağlı yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca məxmərək vaksininin yerlərə çatdırılmasının təminatı tapşırıqları da verilib.
Xatırlatma
Son illər Səhiyyə Nazirliyi Azərbaycanda qızılca xəstəliyinin olmadığını bildirirdi. Hərçənd, ekspertlər buna bir qədər şübhə ilə yanaşırdılar. Amma bu il Səhiyyə Nazirliyi rəsmiləri açıqladı ki, Azərbaycanda da bu xəstəliyə yoluxma halı var. Üstəlik, xəstəliyə yoluxanların əsasən yaşlı insanlar olduğu bildirilirdi.