Azərbaycan və Ermənistan liderləri görüşəcək

N.Paşinyan və İ.Əliyev

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderlərinin yeni görüş keçirməyə razı olduqlarını bildiriblər.

İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer ( ABŞ) bu gün, martın 1-də verdikləri bəyanatda bildiriblər ki, fevralın 20-21-də Ermənistan baş naziri N.Paşinyan və Azərbaycan prezidenti İ.Əliyevlə görüşüblər.

Bəyanatda yazılıb ki, görüş zamanı liderlər yanvarda Davosda Dünya İqtisadi Forumu çərçivəsində söhbətlər barədə həmsədrlərə məlumat veriblər. Liderlər və həmsədrlər vəziyyəti, gələcək addımlarla bağlı gözləntiləri müzakirə ediblər.

Vasitəçilər təmas xəttində qurbanların olmamasını müsbət qiymətləndiriblər. Onlar həmçinin, regionda əhalinin sülhə hazırlanması ilə bağlı diskussiyaları alqışlayıblar.

«Liderlər yaxın vaxtlarda Minsk qrupu həmsədrlərinin himayəsi altında görüşlə bağlı vasitəçilərin təklifini qəbul ediblər», - ATƏT-in saytında yerləşdirilən bəyanatda vurğulanır.

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 20- 21-də regionda səfərdə olub Azərbaycan və Ermənistan rəhbərliyi ilə görüşmüşdülər.

İ.Əliyev və N.Paşinyan son aylar üç görüş keçiriblər. Əsasən qısa və müxtəlif tədbirlərin çərçivəsində gerçəkləşən bu görüşlərin sonuncusu bu il yanvar ayında Davosda gerçəkləşib. Görüşdə hazırkı vəziyyət və sonrakı müzakirələr barədə fikir mübadiləsi aparılıb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.