Qazanılmış immun çatışmazlığı sindromunu (QİÇS, ingiliscə AIDS) yaradan virusa yoluxmuş britaniyalının sağaldığı bildirilir. Avropalı alimlər buna kök hüceyrənin nəqli sayəsində nail olduqlarını deyirlər.
Martın 4-də “Nature” jurnalında dərc olunmuş bu tapıntı təsdiqlənərsə, QİÇS tədqiqatı tarixində ikinci uğur hesab olunar.
***Buna da bax: Donor qanından QİÇS-ə yoluxma halı qeydə alınıb
Tədqiqatçılar xəstənin adını çəkməyiblər, onu “londonlu pasiyent” adlandırıblar, QİÇS -ə səbəb olan insanda immun çatışmazlığı virusuna (İİV, ingiliscə HIV) 2003-cü ildə yoluxduğunu deyiblər.
O, daha sonra xərçəngə yoluxub və 2016-cı ildə xərçəngin müalicəsindən ötrü kök hüceyrənin transplantasiyasına razılaşıb.
Dərginin yazmasına görə, həkimlər daha sonra İİV-ə təbii müqavimət göstərən gen mutasiyası olan bir donor müəyyənləşdiriblər. Tədqiqatçılar bildirirlər ki, transplant pasiyentin immun sistemini dəyişib, ona donorun İİV-ə müqavimətini ötürüb.
Təxminən on il qabaq “berlinli pasiyent” adlanan bir nəfərin İİV-dən müalicə olunduğu bildirilmişdi.
***Buna da bax: Astarada bəzi ailələrə“dərd batmanla gəlir”
Sonradan onun Timothy Ray Brown olduğu, hazırda Birləşmiş Ştatlarda yaşadığı bəlli oldu. Ekspertlər onun daha İİV-ə yoluxmadığını deyirlər.
Alimlər Brown-un müalicəsini təkrarlamağa çalışsalar da, buna nail olmamışdılar.
Hazırda dünyada İİV-ə yoluxmuş 37 milyon nəfər var. 1980-ci illərdən dünyada QİÇS-dən 35 milyon nəfər dünyasını dəyişib.
Elmi tədqiqatlar nəticəsində hazırlanmış dərman kombinasiyası bir çox xəstələrdə onun önlənməsinə səbəb olub.