Prezidentin ATƏT sədri ilə danışdıqları

M.Layçak

Azərbaycan prezidenti İlham Əliyev bu gün, martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı deyib ki, M.Layçakın bu səfəri regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və başqa məsələlərin müzakirəsinə yaxşı imkan yaradır.

M.Layçak da öz növbəsində bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə yerindəcə tanış olmaq və fikir mübadiləsi aparmaqdan ötrü bu səfər yaxşı fürsət yaradır.

Xəbərdə bildirildiyinə görə, prezident İ.Əliyev qonağa bu münaqişə və Azərbaycan torpaqlarının işğalı ilə bağlı məlumatları çatdırıb. O deyib ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və demoqrafik vəziyyətin dəyişdirilməsi siyasəti həyata keçirilir.

Prezident vurğulayıb ki, müəyyən dinamika müşahidə olunsa da, Ermənistan tərəfindən substantiv danışıqların aparılmasına hər hansı ciddi niyyət yoxdur və onlar danışıqlar prosesini pozmağa çalışırlar.

Dövlət başçısı habelə qeyd edib ki, münaqişənin həllində irəliləyişlərin əldə olunması və Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunların çıxarılmasından ötrü beynəlxalq birlik Ermənistana ciddi təzyiqlər göstərməlidir.

Görüşdə həmçinin, ATƏT-in gündəliyində duran məsələlərə, Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikri mübadiləsi aparıldığı qeyd olunur.

Xatırlatma

Azərbaycan müstəqillik qazandığından bir il sonra, 1992-ci ildən ATƏT-in üzvüdür. ATƏT-in Minsk qrupu Qarabağ probleminin tənzimlənməsi ilə məşğuldur.

Qarabağ münaqişəsi Ermənistanın ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.