Cəbhəçiyə 15 sutka verildiyi deyilir

Polis

«Martın 6-da saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Nicat Abdullazadəyə bu gün, martın 7-də 15 sutka inzibati həbs cəzası verilib».

Bunu AzadlıqRadiosuna AXCP-dən bildiriblər.

Partiyadan verilən məlumata görə, N.Abdullazadə ilə bağlı qərar Xətai Rayon Məhkəməsində çıxarılıb: «Qərar rəsmi elan olunmayıb, ona görə də ittiham olaraq dəqiq nə yazıblar, bilmirik. Amma yenə də «polisin qanuni əmrinə tabe olmama» kimi ənənəvi ittihamdan istifadə edə bilərlər».

Hələlik, AXCP-dən bu deyilənləri Xətai Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Cəbhəçilərin saxlanması davam edir

Martın 6-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daha bir neçə fəalının saxlandığı deyilir.

Bu barədə AzadlıqRadiosuna həmin partiyadan məlumat veriblər.

AXCP-dən yayılan məlumata görə, fəallardan Nicat Abdullazadə, Fərid ƏsədovƏli İmanxanlı bu partiyanın Suraxanı şöbəsinin gənclər təşkilatının sədri Xəlqi Hüseynə baş çəkməyə gediblər. « X.Hüseyn bir müddətdir ki, xəstəxanada yatır. O, insult səbəbindən bir neçə gün komada olub. Odur ki, onlar partiya yoldaşına baş çəkmək üçün xəstəxanaya gediblər, xəstəxanadan geri qayıdanda saxlanıblar», - deyə partiyadan qeyd ediblər.

AXCP-dən deyiblər ki, F.Əsədov və Ə.İmanxanlı bir-iki saatdan sonra sərbəst buraxılıb, N.Abdullazadə isə qalıb: «Çox güman ki, bu gün, martın 7-də hakim önünə çıxarılar. Bizə deyilənə görə, onları Xətai Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. İnzibati cəza və ya cərimə edilə bilər. Hələ ki, məhkəmə olmayıb, bunlar ehtimallardır».

Bu deyilənlərə, hələlik, Xətai Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

AXCP-dən vurğulayıblar ki, N.Abdullazadəyə qədər bu ilin əvvəlindən onların 45 fəalı inzibati hüquq pozmalarında günahlandırılaraq 10-30 sutka arası həbs ediliblər.

Xatırlatma

Bu partiyanın 10-dan çox fəalı isə son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. AXCP onların siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edildiyini açıqlayıb.

Azərbaycan rəsmiləri isə insanların dinc siyasi fəaliyyətlərinə görə təzyiq və həbslərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmirlər.