Kreml ictimai dəstəyin azalmasına necə yanaşır – Qərb mediası

Moskvada pensiya islahatlarına etiraz, 2018-ci il

2017-2019-cu illərdə Rusiya ictimaiyyətinin prezidentliyə inamı ciddi şəkildə azalıb, elə Federal Təhlükəsizlik Xidmətinə də. Orduya inam isə güclü olaraq qalır. Levada sorğu mərkəzinin bu həftə açıqladığı sorğuya görə, bu üç qurum – prezidentlik, ordu və təhlükəsizlik agentliyi Rusiyanın ən etibarlıları sayılır.

Vladimir Putin artıq dördüncü prezidentlik müddətinin ikinci ilinə daxil olur və Rusiya dövlətinin ictimai dəstəyin azalmasına reaksiyası vacib məsələ kimi önə çıxır. Bunu isə “Kennan-russiafile.org” portalında Maxim Trudolyubov yazır.

2014-cü ildə Ukraynanın Krım vilayəti ilhaq olunanda prezidentliyə və Putinə inam artmışdı. Amma ötən il təklif olunan pensiya islahatları, iqtisadiyyatda durğunluq, gəlirlərin azalması reytinqin düşməsiylə sonuclanıb.

Sonuncu dəfə rusiyalılar 2013-cü ildə gəlirlərinin artmasının şahidi olublar. “Bu gün gəlirlər beş il öncəkindən 11 faiz azdır. 1990-cı illərdən bəri belə uzunmüddətli yoxsullaşmanın şahidi olmamışıq”, – təhlilçi Kirill Tremasov bu yaxınlarda yazırdı.

Vladimir Putin

Kremlin müşahidəçiləri adətən əhalini bayraq ətrafında cəmləməyə nail olduğunu misal çəkirlər. Bundan başqa Kreml gündəlik olaraq dövlət mediası vasitəsilə beyinlərlə manipulyasiya edir.

Siyasi təhlilçi Daniel Treisman sübut edib ki, Yeltsin və Putinin reytinqləri faktiki olaraq obyektiv iqtisadi indikatorları əks etdirirdi. Əgər Yeltsin Putin iqtisadiyyatına malik olsaydı, daha populyar olardı. Putin dövründə Yeltsin iqtisadiyyatı olsaydı, o daha az populyar olardı.

Müəllif yazır ki, millətçiliyin səfərbərliyi və medianın manipulyasiyası qısa müddətə səmərəli bilər. Amma uzunmüddətli perspektivdə iqtisadi göstəricilərə ictimai rəyin təsirini yubada bilər. “Bu nizamlama hətta Rusiyada da baş verir, amma vaxt lazımdır. Putinə dəstək reytinqi bu gün heç də ən aşağı səviyyədə deyil”, – müəllif yazır.

“Bugünkü göstərici ən aşağı olmasa da, Krımın ilhaqından sonra ən aşağıdır. Faktiki olaraq bu reytinq 2018-ci ilin iyulunadək tədricən qalxırdı. Amma onda narazılıq 20 faizdən 32 faizə qalxdı və bu, pensiya yaşının qaldırılmasının birbaşa təsiri idi”, – Levadanın tədqiqat direktoru Alexei Levinson müsahibəsində deyir.

“İndilik Kreml oyunu uduzan deyil. Sonucda Putinin qeyri-adi dərəcədə yüksək reytinqi günün reallığına uyğunlaşıb. Putin daha idarə etdiyi ölkənin iqtisadi çətinlikləri üçün məsuliyyətdən azad deyil. O, sadəcə bir siyasətçidir, ictimai rəy məhkəməsində cəzalandırıla bilər, Rusiya ictimaiyyəti, görünür, bunu anlayır. Amma bu dərketmədən siyasi həllə gedən yol uzun və qeyri-müəyyəndir”, – müəllif yazır.

Rusiyada yoxsulluq həddi

OECD qlobal artımla bağlı proqnozunu aşağı salır

Ticarətdə gərginlik və Breksit daxil siyasi qeyri-müəyyənlik dünya iqtisadiyyatında təsirini göstərməkdədir. OECD dünən – martın 6-da xəbərdarlıq edib ki, bu il üçün qlobal iqtisadi artımla bağlı proqnozunu yenə azaldır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı builki artımı 3,3 faiz civarında gözləyir. Noyabrda isə 3,% faizlik proqnoz irəli sürülmüşdü və bunun özü də daha öncəki 3,7 faizdən aşağı idi.

“Yüksək səviyyədə siyasi qeyri-müəyyənlik, davam edən ticari gərginliklər, biznes və istehlakçı inamının daha da pisləşməsi yavaşımaya təsirini göstərir”, – OECD bildirib.

Dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarının daxil olduğu bu təşkilat sənayeləşmiş və yeni yaranan bazarların daxil olduğu G20-nin demək olar bütün üzvləri üzrə artım proqnozlarına yenidən baxıb.

19 ölkədən ibarət avrozonaya daha çox ziyan dəyib, artım proqnozu 1,8 faizdən bir faizə salınıb.

Avropanın ən güclüsü olan Almaniya üçün artım 1,4 faizdən 0,7-yə, İtaliya üçün 0,9-dan -0,2-yə düşüb.

ABŞ Prezidenti Donald Trump və Almaniyanın Kansleri Angela Merkel

Amerikanlarla almanlar nədə razılaşmırlar

Amerikalılar və almaniyalıların qarşılıq münasibətlərlə bağlı fikirləri fərqlidir. Amma onlar Avropadakı digər müttəfiqlərlə əməkdaşlıq, NATO-ya dəstək kimi məsələlərdə bir araya gəlirlər. Bunu Birləşmiş Ştatlarda “Pew” sorğu mərkəzi, Almaniyada isə Körber-Stiftung təşkilatı üzə çıxarıb. Sorğular ötən ilin payızında keçirilib.

ABŞ-da hər 10 nəfərdən yeddisi deyir ki, Almaniya ilə münasibətlər yaxşıdır və bu fikir son bir ildə dəyişməyib. Almaniyada isə rəyi soruşulunların 73 faizi ABŞ-la münasibətlərin pis olduğunu düşünür. Bu, 2017-ci ildən bəri 17 faizlik artım deməkdir.

Almaniyalıların 75 faizə yaxını ABŞ-dan müstəqil xarici siyasət tərəfdarıdır. ABŞ-da respondentlərin üçdə ikisi Almaniya və digər Avropa müttəfiqləri ilə münasibətlərin yaxın qalmasını istəyir.

Almanların 41 faizi deyir ki, onlar Birləşmiş Ştatlarla daha böyük əməkdaşlıq tərəfdarıdırlar. Amerikalıların isə hər 10 nəfərindən yeddisi Almaniya ilə daha böyük əməkdaşlıq istəyir.

Bundan başqa, amerikalılardan iki dəfə artıq almaniyalı Rusiyayla daha artıq əməkdaşlıq tərəfdarıdır.