Azərbaycan-Rusiya biznes-forumu keçirilir

Ş.Mustafayev

Bu gün, martın 12-də Bakıda «Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: «Qazprombank»ın imkanları» mövzusunda biznes-seminar təşkil olunub.

AZƏRTAC-ın xəbərinə görə, Forumun təşkilatçısı Azərbaycan-Rusiya İşgüzar Şurasıdır. Habelə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın «Qazprombank» SC təşkilatçı kimi çıxış edirlər.

Forumda iqtisadiyyat naziri Şahin Mustafayev Rusiya və Azərbaycan arasında çoxillik iqtisadi-ticari əlaqələrdən danışıb. Nazir o cümlədən «Qazprombank»ın Azərbaycanın neft-qaz sektoruna yatırdığı investisiyalara toxunub.

İki ölkənin strateji tərəfdaş olduğunu deyən nazir sözügedən əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

«Report» agentliyinin xəbərinə görə isə, nazir habelə bildirib ki, indiyə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4.2 mlrd. dollar yatırıb. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox investisiya qoyub.

Ş.Mustafayevin vurğulamasına görə, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artaraq 2.55 mlrd. dollara çatıb.