Qarabağ Komitəsinin mitinqinə razılıq verilməyib

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda Qarabağa azadlıq tələbi ilə aksiya

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin bu il martın 16-na nəzərdə tutulan mitinqinə razılıq verməyib.

Bunu AzadlıqRadiosuna aksiyanın təşkilatçılarından biri, jurnalist Əvəz Zeynallı bildirib.

«BŞİH bizə izah edir ki, dövlət başçısı həm ölkə, həm də beynəlxalq miqyasda bu məsələ ilə bağlı zəruri addımlar atır, görülən işlər media vasitəsilə işıqlandırılır və ona görə də martın 16-da aksiya keçirməyi məqsədəuyğun hesab etmirlər», - deyə o vurğulayıb.

Ə.Zeynallı Bakı Şəhər İcra Hakimiyyətinin cavabını belə dəyərləndirib: «Bakı Şəhər İcra Hakimiyyəti səlahiyyət həddini aşan cavab verib. Belə ki, aksiyanın keçirilməsinin və ya keçirilməməsinin məqsədəuyğunluğunu onu təşkil edən təşkılat müəyyən edir. Odur ki, onların cavabı bir dövlət qurumunun cavabından çox, siyasi qurumun cavabına oxşayır».

Ə.Zeynallı hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyətinin bu addımı faktiki sərbəst toplaşmaq azadlığı haqqında qanunu saymamaqdır.

Bu komitənin 2018-ci ilin sentyabrında Qarabağ münaqişəsinin tənzimlənməsinin gündəmdə saxlanılması məqsədilə yaradıldığı açıqlanıb. Komitə bundan əvvəl ötən il, sentyabrın 29-da Bakıda «Qarabağa azadlıq!» şüarı ilə mitinq keçirib. Bu aksiyanın da elə «Qarabağ» şüarı ilə keçirilməsi nəzərdə tutulurdu.

Qurumun aksiyalarla bağlı sonrakı müraciətlərinə isə razılıq verilməyib.

Bu yaxınlarda BŞİH Milli Şura və Müsavat Partiyasının mitinq keçirməklə bağlı müraciətinə də müsbət cavab verməyib. Həmin qüvvələr isə həm Qarabağla, həm də siyasi və sosial məsələlərlə bağlı tələblər irəli sürürlər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə iki ölkə arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.