Martın 14-də respublikaçıların nəzarətində olan ABŞ Senatı Prezident Donald Trump-ın Meksikayla sərhəddə elan etdiyi fövqəladə vəziyyəti bloklayan qətnaməni səsverməyə çıxaracaq.
Fövqəladə vəziyyətin rədd olunacağı və Trump-ın sənədə veto qoyacağı gözlənir. Bu, Trump-ın prezidentliyi dövründə ilk vetosu olacaq. Trump fövqəladə vəziyyət elan etməklə cənub sərhədinin hasarlanmasına maliyyə əldə etməyə ümid bəsləyir.
Konqresdəki mənbənin bildirməsinə görə, 15-dək respublikaçının prezidentin elan etdiyi fövqəladə vəziyyətin əleyhinə səs verəcəyi gözlənir. Bu, prezident üçün böyük geriləmə sayılır.
Sərhədin hasarlanmasına qarşı çıxan demokratların nəzarətində olan Nümayəndələr Palatası sözügedən qanunu ötən ay qəbul edib.
Demokratlar sərhəddə fövqəladə vəziyyət əlaməti olmadığını deyirlər. Bəzi respublikaçılar isə narahatdırlar ki, Konqresdən yan keçməklə fövqəladə vəziyyət elan etmək gələcək prezidentlər üçün pis presedent yaradar.
Trump deyir ki, sərhəddə hasar narkotik qaçaqçılığının, qanunsuz immiqrasiyanın, insan alverinin önlənməsi üçün vacibdir. Opponentlər isə hasarı bu problemlərlə mübarizədə səmərəsiz sayırlar.