Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin bu gün, martın 15-dən 9.25-dən 9 faizə endirilməsi haqqında qərar qəbul edib.
AMB-in saytında yer alan məlumatda qeyd olunur ki, faiz dəhlizinin yuxarı həddi 11, aşağı həddi isə 7 (uçot dərəcəsinə ±2 faizlik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib.
Qurumun rəhbərliyi faizlərə növbəti dəfə aprelin 26-da baxacaq.
Mərkəzi Bankın açıqlamasında yazılıb ki, illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edərək hədəf diapazonunun aşağısında qərarlaşıb: «Mərkəzi Bankın həyata keçirdiyi siyasətin əsas prioriteti iqtisadi aktivliyin yüksəlməsi şəraitində inflyasiyanın hədəf çərçivəsində formalaşmasını təmin etməkdən ibarətdir. 2018-ci ilin əvvəlindən bəri əhəmiyyətli yumşalmaya baxmayaraq, real faiz dərəcələrinin pozitiv zonada qalması inflyasiyanın daxili və xarici risklərini neytrallaşdırmağa xidmət edir. Yenilənmiş proqnozlara görə də, 2019-cu ildə inflyasiyanın hədəf daxilində (4±2%) qərarlaşacağı gözlənir».
Son vaxtlar Azərbaycanda uçot dərəcəsi endirilsə də, bu, bank faizlərinə təsir etmir. Müstəqil iqtisadçılar hesab edirlər ki, bunun səbəblərdən biri əslində sərbəst vəsaitin çatışmaması ilə bağlıdır. Onlara görə, daha bir səbəb investisiya, eləcə də qiymətli kağızlar bazarının normal şəkildə fəaliyyət göstərə bilməməsindən irəli gəlir. İqtisadçılar vurğulayıb ki, daha bir səbəb isə biznesin dayanıqlı olmaması, vəsait itirmək riskinin yüksək olması ilə əlaqəlidir.
Xatırlatma
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bundan öncə, fevralın 1-də uçot dərəcəsinin 0.5 faiz azaldılması haqqında qərar vermişdi. Bu, 9.75 faizdən 9.25 faizə endirilmişdi.
Bank kreditləri bəzən 30 faizdən belə yüksək olur və hələlik, faizlərdə ciddi enmə müşahidə edilmir.