ABŞ ordusu Suriyada 1000 hərbçi saxlamayacağını deyir

Suriyadakı yaraqlılar mühasirəni tərk edirlər

Pentaqon Suriyada 1000 hərbçi saxlayacağı ilə bağlı yayılan xəbərləri təkzib edir. Ötən ilin sonunda ABŞ bu ölkədəki hərbçilərinin əksər hissəsini çıxaracağını elan etmişdi.

“ABŞ-ın böyük bir qəzetinin Suriyada minədək Amerika əsgərinin saxlanacağı barədə yazdıqları dəqiq deyil”, – Birləşmiş Ştatların Baş qərargah rəisi general Joseph Dunford martın 17-də bildirib.

“Fevralda açıqlanan plana dəyişiklik yoxdur və biz prezidentin ABŞ qüvvələrini geri çəkməklə bağlı göstərişini yerinə yetirməkdəyik”, – o, sözlərinə əlavə edib.

“The Wall Street Journal” yazıb ki, ABŞ, Avropadakı müttəfiqləri və Türkiyə Suriyanın şimal-şərqində kürd yaraqlıları qorumaq üçün təhlükəsizlik zonası yaratmaqla bağlı razılaşma əldə edə bilməyiblər və Pentaqon bu ölkədə minədək hərbçi saxlayacaq.

Prezident Donald Trump dekabrda elan etdi ki, Suriyadan 2 minədək hərbçisini çıxarır. Tənqidçilər bu halda kürd yaraqlıların Türkiyənin insafına qalacağını deyirdilər. Ankara bu yaraqlıları terrorçu hesab edir.

Bundan sonra Ağ ev Suriyada 200 “sülhməramlı”nın saxlanacağını bildirdi, daha sonra bu rəqəm 400-ə qaldırıldı.