LGBT üzvlərinin şikayətlərinə görə Azərbaycan hökumətinə sorğu göndərilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Kiyevdə gey-parad

2017-ci ilin sentyabrında Azərbaycanda həbs olunan cinsi azlıqların – LGBT üzvlərinin şikayəti ilə əlaqədar Avropa Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib. Həbs olunanlardan 25 nəfəri Avropa Məhkəməsinə ərizə göndərib və onların hamısının işi üzrə kommunikasiya mərhələsi başlayıb.

Həbsin qanunsuz və əsassız olduğunu iddia edən ərizəçilər şikayətlərində yazır ki, onları məhz cinsi azlığın nümayəndəsi olduqlarına görə cəzalandırıblar. Onlar həmçinin, saxlanılarkən polislərin, daha sonra təcridxanadakı işçilərin qəddar davranışından, məcburi şəkildə tibbi yoxlamadan keçirilmələrindən şikayətləniblər.

Avropa Məhkəməsinin Azərbaycan hökumətinə göndərdiyi sorğuda da saxlanılan LGBT üzvlərinə qarşı işgəncə, ləyaqəti alçaldan, qeyri-insani davranışa yol verilib-verilmədiyi, onların hansı şəraitdə saxlandığı (kameraların ölçüsü, orada eyni zamanda neçə nəfərin saxlandığı, havalandırma sisteminin olub-olmaması və s.) soruşulur. Suallardan biri də budur ki, dövlət orqanları onların zorakılığa məruz qalması barədə şikayətlərini araşdırıbmı? Onların məhkəməsi ədalətli keçirilibmi? İstədikləri müdafiəçidən hüquqi yardım almaq imkanı yaradılıbmı? Avropa Məhkəməsini maraqlandıran məsələlərdən biri də saxlanılanların tibbi yoxlamadan məcburi keçirilməsi məsələsidir. Ona görə də hökumətə ünvanlanan sorğuda belə bir halın baş verib-vermədiyi ərizəçilərin şəxsi həyatına müdaxilə kontekstində soruşulur. LGBT üzvləri ərizəçilərində ayrıseçkiliyə məruz qaldıqlarını iddia edirlər. Sorğuda bu məsələ də yer alıb.

Avropa Məhkəməsi hökumətdən bu şəxslərin saxlanmasına əsas olan bütün sübut-sənədlərin surətlərini (inzibati həbs qərarları, onların vəkillərinin müraciətləri, tibbi müayinələrin nəticələri və s.) istəyir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tbilisidə seksual azlıqlara mənsub olmağın cəfası

Xatırlatma

2017-ci ilin sentyabrında Azərbaycanda polis gey, biseksual, eləcə də transgender olduğu güman edilən onlarla şəxsə qarşı əməliyyat aparıb. Həmin ərəfədə polis rəsmən 83 nəfərin saxlandığını təsdiqləmişdi. Onların əksəriyyətinə 30 günə qədər inzibati həbs cəzası verildi.

Hüquq-müdafiə təşkilatları saxlananların döyülmə, elektroşok, qorxudulma, şantaja məruz qaldığını bildirsə də, rəsmilər bunu təkzib edirdi.

Həmin vaxt Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muyjnieks daxili işlər naziri Ramil Usubova müraciət edərək, tutulan və saxlanılan LGBT fəalları haqda bilgi verilməsini, gərəkli araşdırma aparılmasını xahiş etmişdi. Digər beynəlxalq insan haqları təşkilatları da Azərbaycanda cinsi azlıqların təzyiqlərə məruz qalması haqda etiraz bəyanatları yaymışdılar.

Ardınca Azərbaycanın Daxili İşlər Nazirliyi də açıqlama yayaraq, polisin cinsi azlıqları təqib etmədiyini, həbslərin fahişəliyə qarşı kampaniya çərçivəsində aparıldığını bəyan etdi: «Cinsi azlıq təmsilçiləri heç vaxt ölkəmizdə təqibə məruz qalmayıb. Ancaq bu, heç də onların qanunsuz hərəkətlərə görə məsuliyyət daşımaması anmalına gəlmir».

Daha sonra R.Usubov N.Muyjnieksə cavab məktubu yazaraq bildirdi ki, cinsi azlıqların nümayəndələrinin Bakıda vətəndaşlara və əcnəbilərə qarşı «zorakı cinayətləri» ciddi narazılıqlar doğurduğundan Bakıda bütövlükdə 600-ə yaxın şəxs barəsində məsuliyyət tədbirləri görülüb. Onlardan 30 günədək inzibati həbsə məhkum edilən, cərimələnən, xəbərdarlıq edilən olmuşdu.

Nazirin məktubunda deyilirdi ki, həbs olunanlar vəkillərinin müraciətləri əsasında tibbi müayinəyə göndərilib.

Azərbaycanda homoseksuallıq 2000-ci ildə qanuniləşdirilib. Ancaq ILGA beynəlxalq insan haqları qrupu 2016-cı ildə bildirib ki, bu ölkədə geylərin hüquqları Avropada ən pis qorunanlar sırasındadır.