Sələfini hakimiyyətə gətirməyinə peşmandır

Sooronbai Jeenbekov (sağda) və Almazbek Atambaev

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev indiki prezident Sooronbai Jeenbekov-u hakimiyyətə gətirdiyinə görə “açıq şəkildə üzr istəyib”, səhvini “düzəldəcəyini” deyib.

Atambaev bu açıqlamanı martın 17-də Bişkekdə verib. Bu arada iki keçmiş müttəfiq arasında gərginlik yaşanmaqdadır.

Keçmiş prezident Aksy kəndindəki antihökumət etirazlarının 17-ci ildönümündə danışıb. O, Jeenbekov-u ailə bağlarına söykənən avtokratik idarəçilik üsulu yaratmaqda suçlayıb.

“Ona görə üzr istəyirəm ki, həyatımı avtokratik rejimlərlə mübarizəyə həsr etməyimə baxmayaraq, Jeenbekov-un əsl üzünü görməmişəm, ancaq onun maskasını görərək onu və ailəsini hakimiyyətə gətirmişəm”, – deyən Atambaev əlavə edib ki, Jeenbekov-un siyasəti ölkəni parçalayır.

“BİR GÜN XALQ OYANARSA...”

O, həmçinin örtülü təhdid də dilə gətirib, Jeenbekov-a xəbərdarlıq edib ki, “bir gün xalq oyanarsa, qabağını heç kəs kəsə bilməz”.

Martın 17-də Aksy bölgəsində anım tədbirlərinə qatılan Jeenbekov isə deyib ki, “heç vaxt Qırğızıstanda avtokratik klan yaranmasına imkan verməyəcək”.

Konstitusiya Atambev-in altı ildən artıq prezident olmasına imkan vermirdi. O, baş naziri olan Jeenbekov-un 2017-ci ilin oktyabr seçkisində prezident seçilməsinə kömək edib, onu dəstəkləyib.

Amma son aylar iki siyasətçi bir-birini açıq şəkildə səriştəsizlikdə, qeyri-peşəkarlıqda ittiham edir.

Jeenbekov-un andiçməsindən sonra Atambaev-in bir sıra yaxın müttəfiqləri korrupsiya ittihamları ilə həbs olunub.

Ölkənin bəzi siyasətçiləri eks-prezident kimi toxunulmazlıq hüququ olan Atambaev-in də vəzifədə ikən yol verdiyi iddia olunan korrupsiyaya görə cavab verməli olduğunu deyir.

Oktyabrda Qırğızıstan Ali Məhkəməsi keçmiş prezidentlərin toxunulmazlıq hüququnun qeyri-konstitusion olması barədə qərar çıxardı.

Dekabrda isə parlament eks-prezidentlərin toxunulmazlığının ləğv edəcək qanunu birinci oxunuşda qəbul edib. Bu qanun Atambaev-in mühakimə olunmasına yol aça bilər.