DGK İranla sərhəddə 300 kq heroin saxladığını deyir

Narkotik daş blokların içərisində gozlədilib

Dövlət Gömrük Komitəsi (DGK) 306 kiloqram 710 qram narkotik vasitə-heroin aşkar etdiyini açıqlayıb.

Bununla bağlı qurum bu gün, martın 18-də açıqlama yayıb.

Məlumatda bildirilir ki, Biləsuvar gömrük postunda İrandan Azərbaycandan keçməklə Gürcüstana göndərilən «daş bloklar» daşıyan bir «SCANIA», iki «VOLVO» markalı yük avtomobilləri saxlanıb. Onların stasionar rentgen qurğusundan keçirildiyi qeyd olunur:

«Yoxlama zaman «SCANIA» markalı 43A457-10/43A458-10 və «VOLVO» markalı 26A951-10/26A952-10 dövlət qeydiyyat nişanlı yük avtomobillərinin qoşqularında olan «daş bloklar» yükünün təsvirlərində şübhəli cizgilər müşahidə edilib. İran vətəndaşı Azızıkoshkı Majıd Hassanın idarə etdiyi «SCANIA» markalı avtomobildəki paletlərdən birinə baxış zamanı 28 daş blokların hər birinin daxilində 1 şəffaf rəngli polietilen torbalarda ümumi çəkisi 45 kq 446 qram narkotik vasitə-heroin aşkar edilib».

Məlumatda qeyd olunur ki, bundan sonra həmin avtomobildəki digər daş bloklarda da narkotik vasitələrin olub-olmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilib: «Yoxlama yerinə çatarkən sürücü Azızıkoshkı Majıd Hassan qəfildən idarə etdiyi nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət etməyə başlayıb. Gömrük əməkdaşları bunun qarşısını almağa səy göstərsələr də, sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttində olan şlaqbaumu sındıraraq Azərbaycan ərazisini tərk edib...».

Açıqlamaya görə, bundan sonra nəzarətdə olan İranın başqa vətəndaşı İmanı Rouhollah Alıakbarın idarə etdiyi «VOLVO» markalı 26A951-10/26A952-10 dövlət nömrə nişanlı yük avtomobilinin qoşqusunda olan 960 ədəd daş bloklar rentgen qurğusundan keçirilərək yoxlanıb: «Yoxlama zamanı 161 ədəd standart ölçülü, düzbucaqlı formalı daş blokların hər birinin içərisində 1 şəffaf rəngli polietilen torbalarda ümumi çəkisi 261 kq 264 qram təşkil edən narkotik vasitə -heroin aşkar edilib. Beləliklə, iki yük avtomobilindən aşkar edilən narkotik vasitə-heroinin ümumi çəkisi 306 kq 710 qramdır. Aşkar olunan 306 kq 710 qram heroinin qara bazarda dəyəri 21 milyon 500 min manat təşkil edir».

Faktla bağlı araşdırma aparıldığı qeyd olunur.

Bu açıqlamaya, həllik, sözügedən İran vətəndaşlarının, onların vəkillərinin, həmin ölkənin və Gürcüstanın əlaqəli qurumlarının münasibətini almaq mümkün olmayıb.