İraq İrandan elektrik almağı davam etdirə biləcək

Bağdadda elektrik və su qıtlığına etirazlar, 2015-ci il

Tehranın enerji sektoruna sanksiya tətbiqinə baxmayaraq, Birləşmiş Ştatlar İraqın İrandan elektrik almasına imkan verən möhləti uzadıb. İraqa 2017-ci ilin dekabrında möhlət verilmişdi, martın 19-da onun müddəti bitib.

Dövlət Departamenti İraqda sabitsizlik yaranmasını önləmək üçün daha üç aylıq möhlət verib. İraq İrandan qaz və elektrik təchizatından asılıdır. Bu sahələrdə çatışmazlıq bəzi ərazilərdə hökumət əleyhinə etirazlara səbəb olmuşdu.

Vaşinqtondan maliyyə və hərbi dəstək alan İraq Birləşmiş Ştatlar və İran arasında münasibətlərini balanslaşdırmağa çalışır. İranın İraqdakı şiə əhalisi üzərində nüfuzu böyükdür.

Hassan Rohani Nəcəfdə İmam Əli məbədində, 13 mart, 2019-cu il

İRAQI ENERJİ MÜSTƏQİLLİYİ ƏLDƏ ETMƏYƏ ÇAĞIRIRLAR

“Bu möhlətin məqsədi İraqda enerji qıtlığını yumşaltmaqdır, biz İraqdakı tərəfdaşlarımızla İranla bağlı sanksiyaları müzakirə edirik”, – Dövlət Departamentinin rəsmisi deyib.

Dövlət Departamenti onu da bildirib ki, Vaşinqton İraqın İran qaz və elektrikindın asılılığnı azaltmaq, enerji müstəqilliyi əldə etməsi yönündə işləyir.

Enerji təchizatını diversifikasiya etməklə Bağdad “İranın ziyanlı təsirindən azad, vahid, demokratik və firavan İraqın yaranmasını həvəsləndirə” bilər.

Birləşmiş Ştatlar ötən il İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.
Birləşmiş Ştatlar İraqa İrandan elektrik və təbii qaz almaq üçün məhdud möhlət versə də, Bağdadı enerji müstəqilliyi naminə Amerika şirkətləri ilə tərəfdaşlığa çağırıb.

İran Prezidenti Hassan Rohani ötən həftə İraqa üçgünlük səfər edib. Səfərdə məqsəd Tehranın qonşu ölkədəki nüfuzunu gücləndirmək, Bağdadla kommersiya əlaqələrini genişləndirmək idi.