İlham Əliyevdən Qazaxıstana zənglər

İ.Əliyev və N.Nazarbayev

Azərbaycan prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan prezidenti vəzifəsində fəaliyyətə başlamış Kasım-Jomart Tokayevə zəng edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, İlham Əliyev Kasım-Jomart Tokayevi prezident vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələri arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluqlarını bildiriblər. Əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Bundan bir qədər əvvəl isə İlham Əliyev Qazaxıstanın Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə zəng vurmuşdu. Ona gələcək fəaliyyətində uğurlar arzulamışdı.

Martın 20-də Kasım-Jomart Tokayev Qazaxıstanın müvəqqəti prezidenti kimi and içib. 30 ilədək prezident vəzifəsində olmuş Nursultan Nazarbayev martın 19-da istefa versə də, onun ölkəyə nəzarəti saxlayacağı gözlənir. Nazarbayev prezident postunu tərk etsə də, Milli Təhlükəsizlik Şurasının başçısı vəzifəsini özündə saxlayır.

Moskvada təhsil almış 65 yaşlı Tokayev baş nazir, xarici işlər naziri və Qazaxıstan senatının spikeri olub. O, azından 2020-ci ilədək prezident vəzifəsini icra edəcək. Gələn il bu ölkədə prezident seçkisi keçirilməlidir.