Kabildə partlayışlarda 6 nəfər öldürülüb

Əfqanıstan, arxiv fotosu

Martın 21-də Kabildə bir neçə partlayışda altı nəfər həlak olub, 23 nəfər yaralanıb. Açıqlamanı Səhiyyə Nazirliyinin sözçüsü verib.

Partlayışlar paytaxtın qərbində yerləşən Karti Saxi şiə məbədində və məzarlıqda baş verib, səbəbləri barədə müxtəlif məlumatlar gəlir.

Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi deyib ki, Novruz bayramını qeyd etməyə toplaşanlara atəş açılıb.

Müdafiə Nazirliyi dinc sakinlərin evlərinə və Novruz şənliklərinə üç raket atıldığını bildirib. Nazirlik hücum edənin saxlandığını, ərazinin mühafizə olunduğunu qeyd edib.

Məbədə gedən yollar bağlanıb.

Adətən, adamlar məbəd üzərinə yaşıl bayraqlar taxır, məzarların kənarına bayram şirniyyatı düzürlər.

Hücuma görə məsuliyyəti götürən olmayıb, amma əvvəllər İslam Dövləti (İŞİD) qruplaşması Əfqanıstanda şiələri hədəfə alıb. İŞİD şiə müsəlmanları kafir sayır.