Qar uçqunu 7 kəndlə əlaqəni kəsib

Xınalıq

Martın 20-də baş verən qar uçqunları səbəbi ilə Quba-Xınalıq yolu bağlanıb.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

Məlumata görə, qar uçqunu Quba-Xınalıq yolunun 35-38-ci kilometrliyində, 10-a yaxın yerdə qeydə alınıb, uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 3-4 metrə çatıb.

Bunun nəticəsində həmin istiqamətdəki 7 kəndlə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.

Məlumatda vurğulanır ki, Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) yerli idarəsinin ağır texnikaları və canlı qüvvəsi gecə saatlarından yolun qardan təmizlənməsinə başlayıb.

Martın 21-də günün sonuna kimi Quba-Xınalıq yolunun avtomobillərin hərəkətinə açılması nəzərdə tutulur.

Martın 20-dən Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə qar yağıb. Ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burada qarın hündürlüyü 28 santimetrə çatıb.