Z.Həsənov Pakistan prezidentinin qəbulunda olub

Z.Həsənov

Pakistanda səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətini martın 22-də bu ölkənin prezidenti Arif Alvi qəbul edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanın Pakistanla əlaqələrə, xüsusilə hərbi sahədə əməkdaşlığa önəm verdiyini qeyd edən müdafiə naziri Z.Həsənov təhlükəsizlik, hərbi-texniki, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Pakistan prezidenti də, öz növbəsində, iki ölkə arasında münasibətlərinin yüksək səviyyədə olduğunu deyərək hərbi-texniki, müdafiə və digər əlaqələrin daha da inkişafının zəruriliyini bildirib. Xəbərə görə, Qarabağ münaqişəsinə toxunan A.Alvi bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini vurğulayıb.

Z.Həsənov pakistanlı həmkarı ilə görüşüb

Azərbaycan müdafiə naziri Zakir Həsənovla Pakistan İslam Respublikasının müdafiə naziri Pervez Xattaq arasında görüş keçirilib.

Bu barədə bu gün, martın 22-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, P.Xattaq Azərbaycan ilə Pakistanın coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, iki ölkənin xalqları arasında tarixən dostluq münasibətlərinin olduğunu bildirib. «Müxtəlif sahələrdə münasibətlərin genişlənərək xeyli gücləndiyini qeyd edən pakistanlı nazir iki ölkənin hərbi sahədə əməkdaşlığının böyük potensialının olduğunu bildirib», - məlumatda yazılıb

Z.Həsənov da, öz növbəsində, vurğulayıb ki, Azərbaycan ilə Pakistan arasında dostluq münasibətləri dərin köklərə malikdir. Regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Görüşdə iki ölkə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub.

Azərbaycan müdafiə naziri Z.Həsənov martın 21-də Pakistana səfər edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.