AB ziddiyyətli müəlliflik hüququ islahatını dəstəkləyir

Avropa Parlamentində səsvermə

Avropa Parlamenti müəlliflik hüququyla bağlı Avropa Birliyinin ziddiyyətli islahatını dəstəkləyib. İslahatda məqsəd yazar və incəsənət xadimlərinin hüquqlarının, gəlirinin daha yaxşı qorunmasıdır.

Təklif olunan qanunlar Google və Facebook İnternet nəhənglərinin tənqidinə səbəb olub, onlar internet azadlığının və yaradıcılığın boğulduğunu deyirlər.

Martın 26-da Strasburqda bir araya gələn deputatlar yeni qaydaları 348-274 səs fərqiylə qəbul ediblər, 36 deputat səsvermədə iştirak etməyib.

İndi qaydaların qüvvəyə minməsi üçün AB-nin 28 üzv dövləti onu rəsmən təsdiqləməlidir.

Bir çox musiqiçilər, yaradıcı insanlar yeni qaydaların onların işini ədalətli şəkildə kompensasiya edəcəyini deyirlər. Opponentlərin fikrincə, söz azadlığı məhdudlaşdırılacaq, onlayn yaradıcılığa əngəl yaranacaq, vebsaytlar bahalı filtrlər quraşdırmalı olacaqlar.

Mübahisə doğuran məsələlərdən biri sosial media platformaları qarşısında qoyulan tələbdir. Onlar yüklənən kontentin müəlliflik hüququ qaydalarını pozmamasından əmin olmalıdırlar.