Martın 28-də Xaçmaz şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsi və Rusiya Federal Gömrük Xidməti Şimali Qafqaz Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri arasında işçi görüş keçirilib.
Bu barədə bu gün, martın 29-da Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Toplantıda həmçinin, «Azərbaycan Dəmir Yolları» QSC-nin və «Rusiya Dəmir Yolları» ASC-nin əməkdaşları da iştirak edib.
Görüşdə mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçidinin sürətləndirilməsi və sərhəd-buraxılış məntəqələrində növbələrin aradan qaldırılması məsələləri müzakirə edilib.
«Tərəflər kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin «Samur» və «Yaraq-Qazmalar» sərhəd-buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsi, məntəqələrin qarşısında yaranan növbələrin operativ şəkildə aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı razılığa gəliblər», - məlumatda yazılıb.
Eyni zamanda, dəmir yolları ilə daşınan mallar barədə ilkin məlumat mübadiləsini tam həcmdə həyata keçirmək barədə razılıq əldə edilib.
Görüşün sonunda razılaşdırılan məsələlərə dair Protokol imzalanıb.
Xatırlatma
Azərbaycan və Rusiya sərhədində bəzən nəqliyyat vasitələrinin uzun növbəsi yaranır. Bu da həmin nəqliyyat vasitələrinin sürücülərində narazılıq yaradır. Narazılıq xüsusilə də kənd təsərrüfatı malları daşıyan sürücülərdən eşidilir. Onlar deyirlər ki, sərhəddə bəzi hallarda gözləmək kənd təsərrüfatı mallarının keyfiyyətinə mənfi təsir göstərir.