Prezident sahibkarlara zərərə görə 3 milyon ayırdı

Sizin brauzer HTML5-i dəstəkləmir

Yanğından sonra sahibkarların fikri

Bu gün, martın 29-da prezident İlham Əliyev «Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə sərəncam verib.

Sərəncamla 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılacaq.

Sənədə əsasən, İqtisadiyyat Nazirliyi zərər çəkmiş sahibkarlara ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını prezident ilə razılaşdırmaqla 3 gün müddətində təsdiq etməlidir.

Buna da bax: Yanğının qanunla qadağan olunmuş əsas sualı: Sahibi kimdir?

Gələn həftədən sahibkarlara pul ödəniləcək

«Gələn həftədən «Diqlas» Ticarət Mərkəzindəki yanğından zərər çəkmiş sahibkarlara pul ödəniləcək».

«Report» xəbər verir ki, bunu jurnalistlərə bu gün, martın 29-da iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

«Dövlət başçısının Ehtiyat Fondundan ilkin vəsait ayrılıb. Bu vəsait hesabına ödənişlərin həyata keçirilməsinə başlayacağıq», - deyə nazir qeyd edib.

O, iş adamlarına dəymiş ziyanın necə müəyyənləşdiriləcəyi barədə də danışıb: «Vergi-gömrük orqanları vasitəsilə sahibkarlara dəymiş zərərin məbləği müəyyənləşdiriləcək».

Bundan başqa, nazir əlavə edib ki, sahibkarlara illik 1 faizlə güzəştli kreditlər verilə bilər.

Buna da bax: Vahid Əhmədov: 'Bu vəsaitin hamısı icarəyə verənlər tərəfindən ödəniləcək!'

Bakının Nizami rayonundakı «Diqlas» Ticarət Mərkəzində yanğınla əlaqədar martın 28-də prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdi. Orada prezident vurğulamışdı ki, mağazası yanan sahibkarlara dövlət dəstək verəcək.

Xatırlatma

Martın 26-da səhər saat 8 radələrində «Diqlas» Ticarət Mərkəzində yanğın başladığı açıqlanmışdı. Hadisə yerində olan şahidlərin bildirməsinə görə, nəticədə həm dördmərtəbəli Mərkəz, həm də ona bitişik bir sıra binalar yanıb. 10-dan çox şəxsin xəsarət gördüyü bildirilir.

Rəsmi qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar.

Mərkəzdə mağazaları olan sahibkarlar onlara ciddi şəkildə ziyan dəydiyini açıqlayıblar. Sahibkarların bir çoxunun bildirməsinə görə, mallarının sığortası olmayıb. Ümumilikdə 420 şəxsə ziyan dəydiyi bildirilir.