Vətəndaşların şikayəti əsasında saxlananlar var

Sizin brauzer HTML5-i dəstəkləmir

Işsizlərə nə qədər müavinət verilsin? [Bakıda sorğu]

Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşların şikayəti əsasında bəzi şəxsləri saxladığı deyilir.

Bu barədə DİN-in mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, saxlananlar bir işədüzəltmə şirkətinin məsul əməkdaşlarıdır.

Bu şəxslərin bir qrup vətəndaşın polisə şikayətindən sonra saxlandığı qeyd olunur. Şikayətçilərin işə düzələcəkləri vədi ilə aldandıqları, bu zaman maddi baxımdan da xərcə düşdükləri vurğulanır.

«Bakı Şəhər Baş Polis İdarəsində aparılan istintaq prosesində, hələlik, 211 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və hazırda onlara dəymiş maddi ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir», - mətbuat xidməti qeyd edib.

Məlumatda işədüzəltmə şirkətinin və saxlanan şəxslərin adı da çəkilir. Amma, hələlik, bu açıqlamaya onların, vəkillərinin və ya sözügedən şirkətin başqa bir təmsilçisinin münasibətini almaq mümkün olmayıb.

Xatırlatma

Ötən ay, martın 25-də onlarla şəxs metronun «Xətai» stansiyası yaxınlığında toplaşaraq aldandıqlarını bəyan etmişdilər. Həmin şəxslərin iddialarına görə, işədüzəltmə adı ilə onlardan pul alınıb, amma nə vəd yerinə yetirilib, nə də pulları qaytarılıb. Aksiya iştirakçıları bir neçə ünvana baş çəkmişdilər, ancaq istədikləri şəxsləri tapmamışdılar. Onlara cavab verilmişdi ki, artıq deyilən qurum burada fəaliyyət göstərmir. Daha sonra narazı insanların Yasamal Rayon Polis İdarəsinə getdikləri və ora şikayətlərini təqdim etdikləri açıqlanmışdı. Şikayətlərdə müəyyən adların çəkildiyi də bildirilirdi.